ELM VƏ TƏHSİL


BSU-da Qazax müəllimlər seminariyasının 100 illik yubileyi qeyd olunub

Bakı, 7 dekabr, AZƏRTAC 

Dekabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) pedaqogika-psixologiya kafedrasının təşkilatçılığı ilə Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə kafedranın müdiri, dosent Sevinc Axundova Prezident İlham Əliyevin Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.

Kafedra müdiri qeyd edib ki, Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən yaradılan Qazax müəllimlər seminariyası Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

S.Axundova görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyasının ana dilinin inkişafına, Azərbaycanda elmin, maarifin və mədəniyyətin tərəqqisinə verdiyi misilsiz töhfələrdən danışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov Qazax müəllimlər seminariyasını Azərbaycanın maarifçi fikir tarixinin mühüm bir hissəsi kimi qiymətləndirib. Professor gənc nəslə Azərbaycanın tarixi keçmişini düzgün təbliğ etmək məsələsinin qloballaşan dövrün aktual mövzularından biri olduğunu deyib. Azərbaycan təhsil sisteminin seminariyanın yarandığı gündən bu günə qədər böyük inkişaf yolu keçdiyini deyən F.Rüstəmov vurğulayıb ki, Qazax müəllimlər seminariyası milli-mənəvi dəyərlərin təbliği, mətbuatın inkişafı, qadınların təhsilə cəlb edilməsi, xeyriyyə cəmiyyəti və digər mühüm məsələləri qarşıya məqsəd qoymuşdu.

Tədbirdə seminariyaya həsr olunan videoçarx nümayiş etdirilib.

Sonra pedaqogika-psixologiya kafedrasının müəllimləri Afaq Nəsibova “Azərbaycanda pedaqoji kadr hazırlığının tarixi”, Vüsalə Qurbanova “Qazax müəllimlər seminariyasının yaranması”, Səbinə Cəfərova “Qazax müəllimlər seminariyasının direktoru - Firidun bəy Köçərli”, baş müəllim Svetlana Balakişibəyli “Qazax müəllimlər seminariyasının müəllimləri”, kafedranın doktorantları Günay Nəzərli və Arzu Nəsirli “Qazax müəllimlər seminariyasının məzunları”, dosent Aydın Həsənov “Qori müəllimlər seminariyası məzunlarının tarixi araşdırmaları” mövzularında məruzə ilə çıxış ediblər.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, pedaqoji fakültənin dekanı, professor Flora Hacıyeva Qazax müəllimlər seminariyasının gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.