ELM VƏ TƏHSİL


BSU-da “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimatı olub

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev açılış nitqi ilə çıxış edib. Rektor bildirib ki, pandemiyadan sonrakı dövrdə universitetdə keçirilən ilk kitab təqdimatının məhz Şuşaya həsr olunması qürurvericidir.

Hər bir Azərbaycan vətəndaşı kimi qürurluyuq ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edib. “Biz qürur duyuruq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” kimi qeyd olunur”, - deyə rektor vurğulayıb.

Anar Nağıyev qeyd edib ki, bu kitab təkcə Azərbaycan və Şuşa haqqında, Qarabağ haqqında obyektiv məlumatların çatdırılması ilə deyil, eyni zamanda, Qarabağın, Şuşanın mədəniyyəti və tarixi ilə bağlı obyektiv informasiyaların təhrif olunmasına qarşı elmi mənbə olaraq olduqca əhəmiyyətlidir. Belə tədqiqatların dəstəklənməsinin vacib olduğunu deyən rektor kitabın təqdimatının “Şuşa İli”ndə BSU-da keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Nigar Arpadarai kitabın Azərbaycan tarixini öyrənmək istəyənlər üçün dəyərli tədqiqat nümunəsi olduğunu bildirərək, bu formatda olan təqdimatların mütəmadi keçirilməsinin əhəmiyyətindən söz açıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli müstəqil Qərb müəllifləri tərəfindən xarici dillərdə Azərbaycan tarixi ilə bağlı kitabların yazılmasının əhəmiyyətindən danışıb. Kitabda yer alan sahə tədqiqatları barəsində məlumat verib.

Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev kitab haqqında geniş məruzə ilə çıxış edib. O, alman alimi Mixael Reynhard Hessin Azərbaycanla bağlı olan fəaliyyəti haqqında məlumat verib, həmçinin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabında yer alan tarixi faktların əhəmiyyətindən danışıb.

Sonra kitabın müəllifi, Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Mixael Reynhard Hess çıxış edib. O bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov bu kitabın ölkəmizin tarixinin öyrənilməsində müstəsna rol oynayacağını vurğulayıb. Kitabın xaricdə beynəlxalq səviyyədə nəşr olunan ilk elmi monoqrafiya olduğunu diqqətə çatdıraraq, Azərbaycanın tarixi Zəfərinə, “Şuşa İli”nə böyük töhfə olduğunu deyib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyətə malik olan kitabda sahə tədqiqatlarının yer aldığını bildirib.

Tədbirdə BSU-nun professorları, kafedra müdirləri, AMEA kitabxanasının direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi və digər çıxış edənlər mövzu ətrafında öz fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.