ELM VƏ TƏHSİL


BSU-da bütün imtahanlar yazılı formada aparılır

Bakı, 8 yanvar, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası keçirilir.

BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işlərinin aparıldığını, şəffaflığın təmin edilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb. Rektor imtahandan öncə hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüşlər keçirildiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olduğunu bildirib. O, imtahanlar dövründə tələbələrlə məsləhət saatlarının keçirildiyini də qeyd edib. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb.

Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələrinin operativ şəkildə elan olunduğunu bildirib. Rektor BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını da vurğulayıb. O, yuxarıda adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir suala dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib.

BSU-da bütün imtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahanlararası müddət 3 gündən az deyil. İmtahanlara ayrılmış vaxt isə 3 saat müəyyənləşdirilib. Sessiya ilə bağlı yaradılmış qərargahın rəhbəri, beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirildiyini və nəticələrin imtahan başa çatdıqdan az sonra elan edildiyini bildirib. Qərargah rəhbəri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayıb.

Habil Məmmədov qərargahın iş rejimi barədə də məlumat verib. O bildirib ki, qərargah imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. İmtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O, qeyd edib ki, yanvarın 3-dən etibarən başlayan imtahanlardan qərargaha hələlik müraciət daxil olmayıb.

Qeyd edək ki, BSU-da imtahan sessiyası əyani şöbədə fevralın 1-də, əlavə təhsil şöbəsində fevralın 11-də, qiyabi şöbədə isə fevralın 15-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.