ELM VƏ TƏHSİL
BSU-da dəyirmi masa: Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər məktəbi
Bakı, 13 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) II tədris binasında Azərbaycan filologiyası fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər Cəfərov məktəbi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Prezident İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada professor Tahirə Məmmədin “Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs, romantizm və linqvopoetika problemləri”, dosent Pərvanə İsayevanın “Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ədəbi yaradıcılığı Məmməd Cəfər Cəfərovun tədqiqatlarında”, dosent Maral Yaqubovanın “Məmməd Cəfər Cəfərovun Qərb bədii irsi və ədəbi-nəzəri fikrinə münasibətinin prinsipləri” və Şəfa Əliyevanın “Nəzəriyyəçi alimin bədii yaradıcılığı” mövzularında məruzələri dinlənilib.
Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev çıxış edərək bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanmış “Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabı təqdim edilib.
Kitabın bir neçə nüsxəsi BSU-nun kitabxanasına hədiyyə olunub.