ELM VƏ TƏHSİL


BSU-da seminar: “Milli-mənəvi dəyərlərimiz: ənənə və müasirlik”

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Bakı Slavyan Universitetində (BSU) pedaqoji fakültənin və ibtidai təhsil kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Milli-mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda seminar keçirilib.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda polis mayoru Aidə Şirinova, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, dekan müavinləri Nailə Xəndan, Zoya Cəbrayılova, ibtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova və kafedranın müəllimləri iştirak ediblər.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu “Ənənə və tendensiya: milli-mənəvi dəyərlərin alınması və ötürülməsi” mövzusunda auditoriya qarşısında məruzə ilə çıxış edib. N.Dəmirçioğlu gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələrinin, mental dəyərlərinin rolunu önə çəkib.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı İlhamə Qəsabova “Tarixi-ənənəvi bayram mərasimləri” mövzusunda çıxış edərək zəngin tarixi bayramlarımızın, folklor nümunələrimizin məhz adət və ənənələrimiz hesabına itib-batmadığını, müasir dövrümüzə qədər gəlib çatdığını diqqətə çatdırıb, Novruz bayramı ilə bağlı ənənələrdən söhbət açıb.

BSU-nun ibtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova “Müasir dövrdə gənclərimizə milli-mənəvi dəyərlərimizin aşılanması” mövzusunda məruzə edib. O qeyd edib ki, Azərbaycanın qədim mənəvi dəyərləri, mədəni irsi xalqımızın fəxr mənbəyi kimi dünya mədəniyyətində sevilib seçilir, bu sahəyə dövlət tərəfindən qayğı və diqqət ilbəil artır.

Çıxışçılar bildiriblər ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürür.

Seminar diskussiya şəklində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.