ELM VƏ TƏHSİL
BSU-da tədbir: yüksəklikləri sevən bayrağım
Bakı, 8 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Yüksəklikləri sevən bayrağım” adlı tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub. Sonra Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində təhsil alan tələbələrin iştirakı ilə tədbirə dövlət bayrağı gətirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva dövlət rəmzlərinin milli-mənəvi dəyərlərimizdəki yerindən söz açıb. N.Əliyeva bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-da xalqımız bu şanlı bayramı böyük ruh yüksəkliyi ilə keçirir.
Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü əks etdirdiyini deyən N.Əliyeva çıxışında ölkənin hər bir yerində aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən iqtisadi islahatlardan da söz açıb. Rektor qeyd edib ki, bu gün Azərbaycan inkişaf edən ölkədir. Fərəhli haldır ki, indi əksər bölgələrimizdə gənclərin iştirakı ilə üçrəngli bayrağımızın şərəfinə mühüm tədbirlər, xüsusi layihələr həyata keçirilir. Tarixboyu çətin sınaqlardan keçmiş Azərbaycan xalqının bu gün yaşadığı firavan həyata görə qürur hissi keçirdiyini deyən N.Əliyeva bu inkişafın ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb. Rektor dövlət rəmzlərimizə hörmət və sevgi ilə yanaşmağı hər bir vətənpərvər gəncin əsas vəzifəsi kimi dəyərləndirib.
Sonra Prezident İlham Əliyevin bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışından görüntülər təqdim olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova dövlət bayrağının tarixi və onun milli kimliyimiz üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tərcümə fakültəsinin tələbələrindən Məlahət Kazımova “Bayraq mənliyimdir”, Diana Məmmədli isə “Azərbaycan dövlətçiliyində Heydər Əliyev kursu” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə tələbələr vətənpərvər ruhlu şeirlər söyləyib, BSU-nun “Nur” vokal qrupu mahnılar ifa edib.