ELM VƏ TƏHSİL
BSU-da tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulma yolları ilə bağlı müzakirələr aparılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin tələbələri üçün “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva kredit sisteminin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edib. O bildirib ki, fakültədə təhsil alan tələbələrin əksəriyyəti ixtisasından asılı olmayaraq, beynəlxalq mübadilə proqramlarında iştirak etməyə xüsusi maraq göstərir. Tələbələrin elmi potensialını yüksək qiymətləndirən dekan onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov çıxışında BSU-nun beynəlxalq əlaqələri, xarici universitetlərlə, xüsusən Rusiyanın qabaqcıl ali məktəbləri ilə müəllim-tələbə mübadiləsi barədə iştirakçılara məlumat verib. Prorektor bildirib ki, Pedaqoji fakültənin rus dili müəllimliyi və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələrinin beynəlxalq mübadilə proqramları çərçivəsində Rusiyanın qabaqcıl universitetlərində təhsil almaq imkanları var. BSU-nun xarici universitetlərlə müəllim-tələbə mübadiləsi aparmağa hazır olduğunu deyən Telman Cəfərov hazırda ali təhsil ocağının bir qrup tələbəsinin Çexiyanın Karl Universitetində təhsil aldığını, habelə bu ölkədən BSU-ya mübadilə proqramı əsasında Çex dili müəllimi gəldiyini xüsusi qeyd edib. Prorektor beynəlxalq mübadilə proqramları ilə xaricdə təhsil almaq istəyən gənclərin dil biliklərinə, xüsusən rus və ingilis dillərinə mükəmməl səviyyədə yiyələnmələrinin vacibliyini də bildirib.
Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva kredit sisteminin Azərbaycan təhsilində tətbiqi barədə geniş məlumat verib. BSU-da həyata keçirilən beynəlxalq mübadilə proqramlarından danışan Leyla Musayeva bu proqramların gənclərin inkişafına yüksək təsir göstərdiyini vurğulayıb.
Tədbirdə “Ali təhsil müəssisəsində kredit sistemi ilə tədrisin təşkili” barədə slayd təqdim edilib, tələbələrin sualları cavablandırılıb.