ELM VƏ TƏHSİL
BSU-da xeyriyyə aksiyası: toplanan vəsait leykemiyalı uşaqların müalicəsinə sərf olunacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Bakı Slavyan Universitetində (BSU) “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya - hökm deyil!” adlı xeyriyyə sərgisi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, aksiyanın məqsədi leykemiya (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliyə düçar olan uşaqlara yardım üçün vəsait toplamaqdır.
“Leykemiya ilə mübarizə” İctimai Birliyinin könüllüsü Fətulla Fətullayev qeyd edib ki, xeyriyyə sərgisinin təşkilatçıları həm də bədii ədəbiyyatla maraqlanan gəncləri düşünüb. Sərgidə bir çox Azərbaycan və dünya yazarlarının kitabları nümayiş olunub. O bildirib ki, birliyin könüllüləri arasında BSU-nun tələbələri də var. BSU könüllüləri bu cür xeyriyyə tədbirlərində fəallıq göstərərək uşaqları və ailələrini leykemiya ilə mübarizədə tək qoymamağa, onları bu xəstəlikdən daha güclü olduqlarına inandırmağa çalışırlar.
Sərgidə kitab satışından toplanacaq vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.