ELM VƏ TƏHSİL
BSU-nun YAP-a yeni üzv olan tələbələrinə vəsiqələr təqdim edilib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) hesabat-seçki yığıncağı keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyublar.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və şərəfli yoldan danışıb. O, müstəqilliyin ilk illərində səriştəsiz insanların yürütdüyü siyasət nəticəsində ölkəmizin ciddi sosial-iqtisadi böhran keçirdiyini, parçalanma ərəfəsində olduğunu qeyd edib. Rektor həmin illərdə xarici siyasətin də düzgün qurulmadığını və nəticədə Azərbaycanın dünyadan təcrid olunduğunu diqqətə çatdırıb. N.Əliyeva məhz belə bir mürəkkəb dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyini, respublikamızı fəlakətlərdən xilas etmək kimi son dərəcə ağır missiyanı üzərinə götürdüyünü bildirib. O, Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin rəhbərliyi altında vaxtında siyasi meydana atıldığını, partiyanın ətrafına toplanmış fəal siyasi qüvvələrin və müdrik insanların dövlət quruculuğu işinə səfərbər olduqlarını qeyd edib. Üzünü gənclərə tutan rektor Azərbaycan dövlətinin bu qüdrətə, bu gücə asanlıqla çatmadığını, bunun üçün illərlə zəhmət çəkildiyini bildirib. O, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin quruculuq işləri sayəsində bu gün Azərbaycan dövlətinin dünyada tanındığını diqqətə çatdırıb. Rektor gəncləri dövlət başçısı və Yeni Azərbaycan Partiyası ətrafında sıx birliyə çağırıb. O, Azərbaycanı həm daxildə, həm də xaricdə sevməyən qüvvələrin olduğunu bildirib, onların hər addımda dövlətçiliyimizə qarşı ideoloji, siyasi təxribat aparmağa hazır olduqlarını qeyd edib. N.Əliyeva bu səbəbdən gəncləri sosial şəbəkələrdə ayıq olmağa, dövlətçiliyimizi müdafiə etməyə səsləyib.
Sonra BSU üzrə YAP-ın sədri Sevinc Axundova iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
BSU üzrə YAP GB-nin sədri Şirin Hüseynzadə illik fəaliyyəti ilə bağlı hesabatını təqdim edib və hesabata dair iştirakçıların rəyi dinlənilib. BSU üzrə YAP GB-nin yeni sədrinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə uyğun olaraq beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Murad Sadıqov BSU üzrə YAP GB idarə heyətinin yeni sədri seçilib. Universitetin II kurs tələbələri Nadir Qədirli və Lalə Məmmədzadə səs çoxluğu ilə idarə heyətinin sədr müavinləri seçiliblər. Seçki çərçivəsində idarə heyətinin üzvləri də yenidən müəyyənləşdirilib.
Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, YAP milli siyasi iradəni, habelə xalqımızın milli maraqlarını təmsil edən vahid və aparıcı siyasi qüvvədir. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib.
Sonda YAP-a yeni üzv olan BSU-nun 6 fəal tələbəsinə üzvlük vəsiqələri təqdim edilib.