ELM VƏ TƏHSİL
BSU-nun tələbələri istehsalat təcrübəsinə başlayıblar
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin filologiya və jurnalistika, beynəlxalq münasibətlər və tərcümə fakültələrində təhsil alan üçüncü kurs tələbələrinin yay istehsalat təcrübəsinə başlamaları ilə əlaqədar tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Nurlana Əliyeva bir ay müddətində ölkəmizin müxtəlif ümumtəhsil müəssisələrində təcrübə keçəcək tələbələrə tövsiyələr verib, uğurlar arzulayıb. Rektor deyib: “Hər bir tələbə təhsil aldığı universitetin adını, imicini, nüfuzunu qorumalıdır. Elə qorumalıdır ki, onun şəxsində təmsil etdiyi universitetin bütün mənzərəsi aydın olsun. Etik davranışı, münasibəti ilə elə bir mövqedə dursun ki, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən gözəl bir gəncin obrazını yaratsın. Təcrübə keçdiyiniz müəssisənin əməkdaşları şahid olsunlar ki, BSU-nun tələbələri, doğrudan da, müasir gəncliyimizin adını ləyaqətlə qoruyan insanlardır. Bu şərəfi qorumaq hər birimizin borcudur. Bugünkü gəncliyimiz Vətənimizin gələcəyidir. O gələcəyin hansı səviyyədə olması sizin əlinizdədir”.
Rektor ulu öndər Heydər Əliyevin qoyub getdiyi milli mədəni irsi davam etdirməyin hər bir Azərbaycan vətəndaşının qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb.
BSU-nun beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı Əsgər Əhməd, universitetin təcrübə bölməsinin müdiri Yaqut Məmmədova, filologiya fakültəsi dekanının tərbiyə işləri üzrə müavini Sevinc Musayeva tələbələri təcrübə müddətində fəal olmağa və işlərinə ciddi yanaşmağa çağırıb, tövsiyələrini veriblər.
Bildirilib ki, BSU-nun ümumilikdə 400 tələbəsi Azərbaycan Respublikası Milli Məclis Aparatı, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Mərkəzi Seçki Komissiyası kimi rəsmi dövlət qurumlarında, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində, müvafiq elm və tədris mərkəzlərində yay istehsalat təcrübəsi keçəcək.