MƏDƏNİYYƏT
B.Şyukin adına Moskva Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin konserti olub VİDEO
Moskva, 11 oktyabr, AZƏRTAC
Zalda, necə deyərlər iynə atmağa yer yox idi. Azərbaycanlı tələbələrin B.Şyukin adına Moskva Teatr İnstitutunda çıxışının uğurla keçdiyi elə bu cümlədən məlum olur.
Oktyabrın 10-da Moskvanın ən məşhur teatr ocaqlarından birində - Boris Şyukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin konsertinə gələnlər unudulmaz anlar yaşayıblar. Gənclərin maraqlı, parlaq, gülməli və düşündürən çıxışları Moskvanın çiskinli payız havasına isti ovqat qatıb. Kursun rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, institutun rejissorluq fakültəsinin müdiri Mixail Borisov tələbələrinin çıxışlarından razı qalıb. Gənc aktyorlar vokal və rəqs nömrələri, tamaşalardan səhnələr, etüdlər nümayiş etdirib, əsərlərdən parçalar oxuyub, çıxışlarını “Azərbaycan” mahnısının birgə ifası ilə başa vurublar.
AZƏRTAC-a müsahibəsində bu il B.Şyukin adına Teatr İnstitutunun 105 yaşı tamam olduğunu xatırladan kursun rəhbəri Mixail Borisov böyük rus teatr rejissoru Yevgeni Vaxtanqovu yada salaraq deyib ki, 105 il əvvəl burada ilk kursun oynadığı tamaşa uğursuz olub: “Pərdə arxasında həyəcanla Vaxtanqovu gözləyən tələbələr onun coşqunluqla dediyi “biz müvəffəqiyyətsiz çıxış etdik, ancaq eybi yox, öyrənməyə davam!” sözlərini eşidiblər. Biz də öyrənirik”. M.Borisov qeyd edib ki, ilk Azərbaycan kursunun tələbələri tezliklə Moskvada təhsillərini başa vurub Vətənə dönəcəklər və ötən yay Bakı qastrolundan sonra Azərbaycan Mədəniyyət Nazirliyi onların ölkə teatrlarında işləyəcəyi, yaxud yeni teatrda birləşəcəyi barədə qərarı müzakirə edir: “Ümidvarıq ki, bu gənclər Azərbaycan teatrının taleyində dönüş rolu oynayacaqlar”.
M.Borisov azərbaycanlı gənc aktyor və rejissorlardan ibarət yeni kursun yaradılması məsələsinin də müzakirə olunduğunu bildirib. Gələn ilin yazında teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının səhnələşdiriləcəyini qeyd edən M.Borisov Azərbaycan yazıçılarından yeni təkliflər gözlədiyini də vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva