İQTİSADİYYAT
BTC DİREKTORLAR ŞURASI MALİYYƏLƏŞDİRMƏ PAKETİNİ BƏYƏNMİŞDİR
Onun dediyinə görə, iclas iştirakçıları BTC layihəsinin kreditləşdirilməsinin bütün şərtlərini və mexanizmlərini təsdiqləmişlər. Lakin vəsaitin ayrılması şərtləri, kreditçilərin sayı və verilən borcların məbləği sənədlərin bütün sponsorlar, kreditçilər və tranzit əraziyə malik üç ölkənin hökumətləri tərəfindən rəsmi imzalanması mərasimindən sonra açıqlanacaqdır. Mərasim gələn il yanvarın ikinci yarısında keçiriləcəkdir. İlk kredit vəsaitinin isə 2004-cü il yanvarın axırlarında – fevralın əvvəllərində ayrılacağı gözlənilir. D.Vudvordun sözlərinə görə, layihəyə cəlb edilən borc vəsaitinin ümumi məbləği, kreditlər üzrə faizlər də daxil olmaqla, 2,6 milyard dollara bərabərdir. Kreditlərin ödənilməsi müddəti kifayət qədər uzundur – onların əksər hissəsi 10 il ərzində ödənilməlidir.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə, ümumən, 2,95 milyard dollar lazımdır (kreditlər üzrə faizlər də daxil olmaqla, layihənin ümumi dəyəri 3,6 milyard dollardır). Layihənin dəyərinin qalan hissəsi isə daxili vəsait hesabına, habelə ixrac kredit təşkilatları və kommersiya bankları tərəfindən təmin ediləcəkdir.