İQTİSADİYYAT


BTQ çərçivəsində Azərbaycan ilə Türkiyə arasında gömrük məlumatlarının mübadiləsi elektron şəkildə həyata keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan ilə Türkiyə arasında gömrük məlumatlarının mübadiləsi elektron şəkildə həyata keçiriləcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında deyilib.

İki ölkə arasında gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava vasitəsilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanması barədə razılıq əldə olunub. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alıblar.

İclasda Azərbaycan Gömrük Xidmətində informasiya texnologiyaları sahəsində və innovasiya layihələrinin tətbiqi və idarə olunması üzrə əldə olunmuş nailiyyətlər nəzərə alınaraq, Türkiyə gömrük orqanlarının müvafiq əməkdaşları üçün seminarların keçirilməsi və digər məsələlər barədə razılıq əldə edilib. Birgə komitənin üçüncü iclasının isə gələn il Bakı şəhərində keçirilməsi razılaşdırılıb.

İclasın sonunda Birgə Komitənin ikinci iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Türkiyə tərəfindən isə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcı imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.