SİYASƏT
BUDAPEŞTDƏKİ HƏMVƏTƏNLƏRİMİZ AZƏRBAYCANIN MACARISTANDA SƏFİRLİYİNİN AÇILMASI XƏBƏRİNİ SEVİNCLƏ QARŞILAMIŞLAR
Azərbaycanlılar dünyanın bir çox guşələrində yaşayırlar. Həmvətənimiz Vüqar Seyidov da səkkiz ildir ki, Macarıstanda məskunlaşmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, keçmiş Bakı sakini Vüqar Seyidov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra təhsilini Budapeştdəki Mərkəzi Avropa Universitetində (MAU) davam etdirmişdir. Sonra o, özü üçün yeni ixtisasa - Praqada “Avropaşünaslıq” ixtisasına yiyələnərək, İngiltərənin Kembriç Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.
Avropanın ən yaxşı ali məktəblərində mükəmməl təhsil alan Vüqar Seyidov hazırda MAU-da tələbə şöbəsinə başçılıq edir.
O, həmvətənmizlə evlənmişdir. Bu yaxınlarda övlad atası olmuşdur.
Vüqar Seyidov deyir: “Mən Azərbaycanın Macarıstanda səfirliyinin açılması xəbərini böyük sevinclə qarşıladım. Əminəm ki, bu əlamətdar hadisə nəinki iki ölkənin qarşılıqlı münasibətlərinin genişlənməsinə, həm də Avropa Birliyinin bu ölkəsində yaşayan həmvətənlərimizin sıx birləşməsinə xidmət edəcəkdir”.