MƏDƏNİYYƏT
BU DÜNYADA MÖCÜZƏ SƏSLİ
BİR RÜBABƏ MURADOVA VARDI ...
Qadın muğam ifaçıları arasında xalq artisti Rübabə Muradovanın xüsusi yeri vardır. Rübabənin oxumağı insan səsindən daha çox təbiətin möcüzəsinə bənzəyirdi. Azərbaycanda az ev tapılar ki, orada Rübabə Muradovanın oxuduğu, heç bir vaxt unudulmayacaq muğamların, mahnıların lent yazıları olmasın...
Bu fikirlər martın 30-da Dövlət Muğam Teatrında Rübabə Muradovanın anadan olmasının 70, vəfatının 20 illiyi münasibətilə keçirilmiş xatirə gecəsində səslənmişdir.
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq şairi Söhrab Tahir, SSRİ xalq artisti Lütfiyar İmanov, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, xalq artistləri Şəfiqə Axundova, Tükəzban İsmayılova, Gülxar Həsənova, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Baba Mahmudoğlu və başqaları çıxış edərək Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasının Opera və Balet Teatrı ilə sıx bağlı olmasından danışmış, müğənni ilə bağlı xatirələrini söyləmişlər. Onlar vurğulamışlar ki, qeyri-vokal istedadına, səhnə ustalığına və səsinin məlahətinə görə Rübabə Muradova teatrın truppasında görkəmli yer tutmuş, Azərbaycan muğam operalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar qalereyası yaratmışdır.
Qeyd olunmuşdur ki, teatrda işləməklə yanaşı Rübabə Muradova geniş konsert fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan muğamlarını, xalq mahnılarını, bəstəkarların əsərlərini istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda ehtirasla təbliğ etmişdir.
Rübabə xanımın qızı Qəmərmülk və bacısı Tahirə Muradova mərhum müğənninin ifasında dinləyiciləri məftun etmiş retro mahnılar oxumuş, Şahnaz Muradova isə anasının həyatından və sənət yolundan söhbət açmış, gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Gecədə muğam ustalarının ifasında unudulmaz sənətkarın repertuarından mahnılar səslənmişdir.
Axırda tədbir iştirakçıları Rübabə Muradovanın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.