DÜNYA
BU İLİN İYUNU METEOMÜŞAHİDƏLƏRƏ BAŞLANDIĞI VAXTDAN ƏN İSTİ İYUN OLMUŞDUR
Bakı, 19 iyul (AZƏRTAC). Bu ilin iyunu meteomüşahidələrə başlandığı vaxtdan ən isti iyun hesab edilmişdir. Si-En-En teleşirkətinin ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin məlumatına əsasən yaydığı xəbərdə belə deyilir.
Dünyanın, demək olar ki, bütün qitələrində həmişəkindən isti hava şəraiti müşahidə olunur. İyun ayında dünya okeanının səthində temperatur rekord dərəcəyə çatmasa da, qurudakı temperaturla dənizdə müxtəlif anomaliyaların birləşməsi nəticəsində bu iyun ən isti iyun olmuşdur.
Sinoptiklərin məlumatına görə, rütubətlilik də artır. Bu il Hindistanın, Çinin, Avropanın cənubunda, ABŞ-ın bəzi ştatlarında hava həmişəkindən daha rütubətli olmuşdur.
Ötən ay Arktikada qütb buzlaqlarının sahəsinin ən aşağı göstəricisi qeydə alınmışdır. Bu, çox vacib göstəricidir. Çünki Arktika dənizlərində qütb buzlarının sahəsi dəyişərsə, okeana düşən günəş radiasiyasının miqdarı artar, bu isə buzlaqların ərimə sürətinə təsir göstərər. Arktika dənizlərindəki buzlaqların sahəsinin azalması 1990-cı ildən müşahidə olunur.