İQTİSADİYYAT
BU İL 8 MİLYON TON NEFT, 4 MİLYARD KUBMETRƏ YAXIN TƏBİİ QAZ HASİL EDİLƏCƏKDİR
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər iki sahədə yüksək göstəricilərə nail olmaq üçün bu il ilk növbədə qazmadan 62 quyunun istismar fonduna daxil edilməsi və nəticədə 388 min tondan artıq neft alınması nəzərdə tutulmuşdur. Fəaliyyətsiz fonddan yenidən istismara qaytarılacaq 281 quyudan 95 min tona yaxın neft çıxarılacaqdır. Bu il müxtəlif geoloji və texniki tədbirlər hesabına 721 min ton əlavə, əsaslı təmir ediləcək quyulardan isə 415 min tondan artıq xam neft hasil olunacağı da gözlənilir.
Xatırladaq ki, birliyin tədbirlər planı 2004-2008 –ci illəri əhatə edir. Həmin müddətdə “Günəşli” yatağındakı 5 mövcud dərin dəniz özülündə 22 quyu qazılacaqdır. İlkin hesablamalara görə, bu quyulardan 13 milyard kubmetrdən çox qaz və 2 milyon tona yaxın neft alınacaqdır. Ümumiyyətlə, yaxın dörd ildə dəniz və quru mədənlərində qazılacaq 411 quyu qaz hasilatının orta illik səviyyəsini 5 milyard kubmetrə, neftin səviyyəsini isə 8,9 milyon tona çatdırmağa imkan verəcəkdir.