İDMAN
BU İL AZƏRBAYCAN İDMANÇILARI REKORD MİQDARDA MEDAL QAZANMIŞLAR
Ölkənin dövlət himni səsləndikdən sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, 2006-cı ildə Azərbaycan idmançıları ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra rekord miqdarda - 287 medal qazanmışlar. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin idmançılar üçün yaratdığı şərait nəticəsində mümkün olmuşdur. Dekabrın 25-də idmançıların və idman veteranlarının böyük bir qrupunun dövlət mükafatları ilə təltif olunması buna sübutdur.
Sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə demişdir ki, dekabrın 26-da MOK-da dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman ictimaiyyəti ilə görüşü keçirilmişdir. Görüşdə idmançıların, idman veteranlarının və məşqçilərin böyük bir qrupuna mənzillər, qiymətli hədiyyələr təqdim olunmuşdur ki, bu da dövlətin idmançılara qayğısının daha bir təzahürüdür.
İlin ən yaxşı idmançısı yunan-Roma güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı Rövşən Bayramov elan olunmuşdur. Sonrakı yerləri sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Namiq Abdullayev, taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov, cüdo üzrə Avropa çempionu Elnur Məmmədli, güllə atıcılığı üzrə gənclər arasında Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova, boks üzrə Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov, Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova, pauerliftinq üzrə peşəkarlar arasında dünya çempionu Rüfət Ağayev, karate üzrə dünya birinciliyinin gümüş mükafatçısı Qurban Tağıyev, kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov tutmuşlar.
İlin hakimi Rövşən Hüseynov (boks), ilin məşqçisi, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin Cəfərov, ən yaxşı idman telekanalı “Space”, idman jurnalisti Zəki Feyzullayev (“Nedelya” qəzeti), ən yaxşı informasiya agentliyi APA seçilmişdir.
Sonda incəsənət ustalarının konserti olmuşdur.