ELM VƏ TƏHSİL
BU İL “SOROS FONDUNUN TƏQAÜD PROQRAMI”NDAN 45 NƏFƏR TƏLƏBƏ VƏ MÜƏLLİM BƏHRƏLƏNƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən yaradılmış Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Soros fondunun təqaüd proqramı” çərçivəsində 2004-cü ilin qaliblərini müəyyənləşdirmişdir. Bu il “Soros fondunun təqaüd proqramı” əsasında ölkəmizin ali təhsil ocaqlarında keçirilmiş müsabiqədə 45 nəfər tələbə və müəllim təqaüdçü adını almışdır. Təqaüdçü tələbələr təmənnasız olaraq ABŞ-ın və Avropa ölkələrinin müxtəlif universitetlərində bakalavr və magistr pilləsi üzrə təhsillərini davam etdirəcəklər. Müəllimlər isə həmin universitetlərdə 2 aylıq peşə kurslarında iştirak edəcəklər.
Qeyd edək ki, hazırda bu proqram tərəfindən təqaüd alanların ümumi sayı 500 nəfərdən çoxdur.