İQTİSADİYYAT
BVF AZƏRBAYCANA NÖVBƏTİ KREDİT AYRILMASI MƏSƏLƏSİNƏ BAXACAQ
Bunu BVF-nin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri, İkinci Avropa Departamenti şöbəsi müdirinin müavini Con Uekmann-Linn mətbuat konfransında bildirmişdir.
Onun sözlərinə görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Azərbaycan hökuməti ilə ölkənin 2004-cü il büdcəsinin formalaşması məsələlərini, bank sektorunda vəziyyəti və energetika sektoruna maddi yardım ayrılmasını müzakirə etmişlər.
C.Uekmann-Linn demişdir ki, danışıqların yekunlarına əsasən, ölkədə gəlir vergisinin 14 faiz olması, mənfəət vergisinin isə 24 faizdən artıq olmaması razılaşdırılmışdır. BVF tövsiyə etmişdir ki, banklar haqqında qanunda Azərbaycan Milli Bankına müstəqillik verilməsi və digər banklar üzərində nəzarətin həyata keçirilməsi üçün onun səlahiyyətinin gücləndirilməsi məsələsi öz əksini tapsın.
Con Uekmann-Linnin sözlərinə görə, BVF-nin indiki nümayəndə heyəti neft məhsullarının daxili qiymətlərinin qaldırılması məsələlərini müzakirə etməmişdir. Əhalinin sosial müdafiəsi üçün müvafiq tədbirlər görülmədən, Fondun əvvəllər təkid etdiyi bu cür qərarın qəbul olunması özünü doğrultmayacaqdır.