İQTİSADİYYAT
BVF AZƏRBAYCANDA YOXSULLUĞUN AZALDILMASI VƏ İQTİSADİ ARTIM MEXANİZMİ ÇƏRÇİVƏSİNDƏ ÜÇÜNCÜ İCMALINI BAŞA ÇATDIRIB
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası ümumi məbləği təqribən 119 milyon ABŞ dolları olan üçillik “Yoxsulluğun azaldılması və iqtisadi artım mexanizmi” çərçivəsində Azərbaycanda fəaliyyətinin üçüncü icmalını başa çatdırıb.
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu icmalın başa çatdırılması təqribən 19 milyon ABŞ dolları məbləğində yeni tranşın verilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində mexanizm çərçivəsində verilmiş ümumi məbləği təqribən 62 milyon ABŞ dollarına çatdıracaqdır. Bu mexanizm üzrə kreditlər illik 0,5 faizlə verilir və əsas borcun ödənilməsində 5,5 il möhlət müddəti ilə 10 ilə ödənilməlidir.