İQTİSADİYYAT


BVF rəsmisi: Azərbaycan iqtisadiyyatı region üçün mühüm əhəmiyyət kəsb edir

Bakı, 13 sentyabr, AZƏRTAC

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkədə makroiqtisadi proseslər, maliyyə sektorundakı vəziyyət, tədiyə balansının stabilləşməsi kimi məsələlər müzakirə edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Rüstəmov ölkədəki makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə ətraflı məlumat verib. O, ölkə Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkərək həyata keçirilən struktur islahatları, iqtisadiyyatın şaxələnməsi, gündəlikdə olan layihələr, maliyyə sektorunun inkişafı kimi mühüm istiqamətlər üzrə fikir mübadiləsi aparıb. E.Rüstəmov Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın daha da sürətlənməsi üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə təşəkkürünü bildirib.

Nümayəndə heyətinin rəhbəri Cihad Azur BVF ilə mövcud əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycan iqtisadiyyatının region üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Ölkədə həyata keçirilən struktur islahatlarının zəruriliyi və mövcud çağırışların nə dərəcədə mürəkkəb olmasını nəzərə alaraq fond tərəfindən ekspert qismində əlavə dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. Bu istiqamətdə görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bundan sonra da BVF tərəfindən ölkədə makroiqtisadi siyasətin uğurla həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsinə dəstək veriləcək, bu sahədə ikitərəfli əməkdaşlıq genişləndiriləcək, yeni siyasət alətlərinin və mexanizmlərinin istifadə olunması imkanlarına baxılacaq.

Görüşdə, həmçinin Azərbaycan ilə, o cümlədən Mərkəzi Bankla BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.