İQTİSADİYYAT


BVF: ticarət mübahisələri maliyyə sabitliyi və iqtisadi artım üçün təhdid mənbəyidir

Bakı, 12 oktyabr, AZƏRTAC

Mərkəzi bankların və beynəlxalq maliyyə təsisatlarının rəhbərləri İndoneziyada Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı ilə birgə illik müşavirəyə toplaşıblar.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BVF-in və Dünya Bankının rəhbərləri ticarətin iqtisadi artım üçün mühüm hərəkətverici qüvvə olduğunu vurğulayıb və ölkələrin liderlərini proteksionist tədbirlər tətbiq etməməyə çağırıblar.

Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard beynəlxalq ticarətdə gərginliyin artması barədə diskussiya aparıb. BVF-in fikrincə, ticarət mübahisələri dünya iqtisadiyyatının artımı üçün risk amilinə çevrilib.

Avropa İttifaqının iqtisadi və maliyyə məsələləri, vergitutma və gömrük ittifaqı üzrə komissarı Pyer Moskovisi deyib: “Ticarət müharibələri ağılsızlıqdır. Ticarət müharibələri aparmaq çox çətindir və bu müharibələrdə qalib gəlmək o qədər də asan deyil. Üstəlik, onlar yoxsulluğun artmasına gətirib çıxarır. Onlar dünya iqtisadiyyatının artımı üçün riskdir... Biz çoxtərəflilik prinsipinə riayət etməliyik”.

Görüş iştirakçıları – ticarət idarələrinin yüksəkvəzifəli nümayəndələri və qloballaşma məsələləri üzrə ekspertlər bildiriblər ki, tariflər tətbiq edilməsi və əks tədbirlər görülməsi əhalinin ən yoxsul təbəqələrinə və fəhlə sinfinə zərbə ola bilər. Dünya Ticarət Təşkilatının rəhbəri Roberto Asevedo da qeyd edib ki, ticarət qarşıdurmaları artıq mənfi nəticələrə gətirib çıxarıb.

O deyib: “Bu il ticarətin həcminin 4,4 faiz artacağını gözləyirdik. Biz bu hesablamalara yenidən nəzər saldıq və həmin göstəricini 3,9 faizə endirdik. Ümid edirdik ki, gələn il ticarətin həcmi 4 faiz artacaq. İndi isə cəmi 3,7 faiz artım proqnozlaşdırırıq. Bəzən mənə deyirlər: “Baş verən bütün hadisələrə baxmayaraq, iqtisadiyyat zərər çəkməyib”. Əlbəttə, hələlik hər şey yaxşı görünür, çünki hələ nəticələri hiss etmirik. Tədbirlər görülən andan onların iqtisadiyyata hiss olunacaq təsirinin başlanmasına qədər müəyyən vaxt keçməlidir. Mənim fikrimcə, əgər biz indi heç bir tədbir görməsək, tezliklə bunun təsirini hiss edəcəyik”.

Bu günlərdə BVF “Qlobal maliyyə sabitliyi məsələlərinə dair məruzə” dərc edib. Müəlliflər hazırkı maliyyə şəraitini nəzərə alaraq bildirirlər ki, ortamüddətli perspektivdə maliyyə sabitliyi və artım üçün risklər çox yüksəkdir. Ticarət mübahisələri və onlarla bağlı gərginlik isə bu riskləri daha da artırır.

Hesabatda deyilir ki, dünya maliyyə böhranından on il sonra banklar və hökumətlər dünya maliyyə sisteminə etimadı bərpa ediblər, lakin bu gün yeni təhdidlər yaranır: siyasi vəziyyət və ticarət mübahisələrindən irəli gələn gərginlik.

BVF-in nümayəndəsi Tobias Adrian deyib: “Təhlükə doğuran budur ki, vaxt gələcək, ticarət ziddiyyətləri investorların etimadını itirəcək, bu isə maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.