ORDU
“Babək 44” taboru haqqında filmin təqdimatı olub
Bakı, 23 fevral, AZƏRTAC
Beynəlxalq Mətbuat Mərkəzində 1992-ci ildə yaranmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru haqqında filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Babək 44” adlı filmdə taborun döyüş yolundan bəhs edilir.
Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sənədli filmin ssenari müəllifi Səməd Hətəmov bildirib ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlığa görə başqalarından seçilib. Taborda vuruşan qəhrəman oğulların şücaəti misilsiz olub. Belə qərara gəldik ki, “Babək 44” taborunun keçdiyi döyüş yolu barədə cəmiyyətə məlumat verək, xalqımız qəhrəman oğullarımızı tanısın.
Tədbirdə filmin çəkiliş heyəti ilə yanaşı, “Babək 44” taborunun ilk komandiri, polkovnik Elxan Qəniyev, ehtiyatda olan polkovnik Abukər Mirzəyev, döyüşçülərdən Nazim Quliyev, Namiq Məmmədov çıxış edərək keçdikləri ağır döyüş yolu barədə danışıb, film barədə fikirlərini qeyd ediblər.
Bildirilib ki, tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 170-dən çox şəhid və itkin verib. Taborun döyüşçülərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına, bir neçəsi isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Natiqlər filimin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq ediblər.
Sonra filmə baxış olub. Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.
Qeyd edək ki, filmin rejissoru İsrafil Xanlarovdur.