REGİONLAR


Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 140 eksponat təqdim olunub

Babək, 12 iyul, AZƏRTAC

Babək rayon sakinləri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev, Zaleh Novruzov, Sidiqə Seyidova və İsmayıl Qurbanov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən məişət və təsərrüfat əşyaları, numizmatika, toxuculuq nümunələrindən ibarət 140 eksponat Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasının diqqət mərkəzində olduğunu bildirib.

Nazir qeyd edib ki, bu gün muzey ziyarətçilərimizin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeyləri ziyarət edirlər. Bu ilin 6 ayı ərzində muxtar respublikanın muzeylərini 284 min 720 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 95 min 619 nəfəri əcnəbi vətəndaşlardır. Muxtar respublikada fəaliyyət göstərən muzeylər ilə orta məktəblər arasında distant, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir. Ötən dövr ərzində 219 açıq, 2 distant, 6 elektron dərs keçilib. Cari ilin birinci yarım ili ərzində muzeylərdə, ümumilikdə, tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi, 21 tədbir təşkil edilib.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır” – deyən Natəvan Qədimova bildirib ki, bu ilin 6 ayı ərzində muxtar respublika muzeylərinə 670 yeni eksponat daxil olub.

Nazir göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Akif Hacıyev, Zaleh Novruzov, İsmayıl Qurbanov və Sidiqə Seyidova çıxış edərək muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.