REGİONLAR
Babək rayonunda 10 min hektardan çox sahədə payızlıq taxıl əkini aparılıb
Babək, 15 iyul, AZƏRTAC
Cari ilin ötən dövründə Babək rayonunda 10 min 610 hektar sahədə payızlıq taxıl əkini aparılıb və taxıl biçini qısa müddətdə başa çatdırılacaq. Həmçinin bu dövrdə 2,8 hektar sahədə yeni yaşıllıq zolağı salınıb, 4 hektar sahədə bərpa işləri aparılmaqla 6,8 hektar sahədə yaşıllaşdırma tədbirləri görülüb.
AZƏRTAC–ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Babək Rayon İcra Hakimiyyətində yarım ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, hesabat dövründə rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib, Babək qəsəbəsində smartkarttipli elektrik sayğaclarının quraşdırılması başa çatdırılıb. Gülşənabad kəndində içməli su xətləri yenilənib, Kültəpə kəndində yeni artezian quyusu qazılıb. Hazırda rayon mərkəzində Baytarlıq İdarəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir. Genişmiqyaslı quruculuq tədbirlərinin davamı kimi hazırda Kültəpə və Gülşənabad kəndlərində kənd və xidmət mərkəzi, tam orta məktəb binalarının tikintisi və avtomobil yollarının yenidən qurulması, Süni Mayalanma Mərkəzinin tikintisi də aparılır.
R.Hüseynov deyib: “Babək qəsəbəsi və ətraf kəndlərin içməli su, kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Babək qəsəbəsi, Nehrəm və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sistemlərinin çəkilişi və Yarımca kəndində içməli su xətti üçün su anbarının tikintisi aparılır. Bu dövrdə əhalinin içməli su təminatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, rayonun qəsəbə və kəndlərində müxtəlifölçülü plastik və metal borularda 815 metr məsafədə içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilib, həmçinin 1411 metr yeni içməli su xətti çəkilib”.
Bildirilib ki, aqrar sahənin dinamik inkişaf etdirildiyi Babək rayonunda ailə təsərrüfatlarının yaradılması və fəaliyyətinə də xüsusi fikir verilir. Bəhs olunan dövrdə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 32 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb.
O, ilin ikinci yarısında qarşıda duran vəzifələrin vaxtında yerinə yetirilməsinin zəruriliyindən də danışıb.
Sonda məruzə ətrafında çıxışlar olub.