SİYASƏT


Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Babək, 24 dekabr, AZƏRTAC

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasını diqqətdə saxlayır. Ölkəmizin iqtisadi qüdrətinin artması səhiyyənin davamlı inkişafına səbəb olub. Bu gün Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin formalaşdırılması da görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsidir. Görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, tibbi avadanlıqlarla təchiz edilib, ixtisaslı kadr potensialı yaradılıb. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığorta mərhələli şəkildə həyata keçirilir. Ötən dövrdə icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda 148 ürək əməliyyatı və invaziv müdaxilə, 55 göz, 17 ginekoloji, 55 doğum, 15 keysəriyyə, 15 travmatoloji, 141 ümumi cərrahi əməliyyat və 54 terapevtik stasionar müalicə olmaqla, ümumilikdə, 500 həyati vacib dəyəri yüksək tibbi müdaxilə icra edilib. Babək rayonunda da icbari tibbi sığortanın tətbiqi sahəsində lazımi tədbirlər görülüb, keçirilən təlim və seminarlarda tibb işçilərinə “Səhiyyə informasiya idarəetmə sistemi”, sığortaolunanların qeydiyyatı, onlara göstəriləcək tibbi xidmətlər, göstərilən tibbi xidmətlərə dair aylıq hesabatların tərtibolunma qaydaları barədə məlumat verilib, nümunəvi hesabat formaları təqdim edilib. Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi istiqamətində aparılan işlərə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Tibb bacısı Həmidə Quliyeva minnətdarlıq edərək deyib ki, 2014-cü ildə Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib, müasir tibbi avadanlıqlar qurulub, əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. İcbari tibbi sığorta sisteminin tətbiq olunması isə tibbi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edərək deyib: İcbari tibbi sığortanı qısa vaxtda tətbiq etmək mümkün deyil. Muxtar respublikada bu işə müasir tibbi avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə başlanılmış, tələbata uyğun ştat strukturu təsdiq edilmiş, ixtisaslı kadr hazırlığı diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müasir tədris şəraiti yaradılmış, xəstəxana istifadəyə verilmiş, Naxçıvan Tibb Kolleci yenidən qurulmuşdur. Həmçinin muxtar respublikada beynəlxalq təcrübə öyrənilmiş və icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Artıq muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində nailiyyətlər əldə olunur. Muxtar respublika sakinləri icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən yararlanırlar. Babək Rayon Mərkəzi Xəstəxanasında isə bu tibbi xidmətlərdən 641-i tətbiq olunacaqdır. Yaradılan şərait və peşəkar tibbi heyətin formalaşması bu işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Babək rayonunda 76 mindən artıq əhali yaşayır. Əhaliyə rayon mərkəzi xəstəxanası, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası və 18 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. 500-ə yaxın tibbi heyət əhalinin sağlamlığı keşiyində dayanır. Babək Rayon Mərkəzi Xəstəxanasında 25 adda 46 ədəd yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmışdır ki, bu da icbari tibbi sığortanın uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Ümumilikdə isə Babək rayonundakı bütün səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi mümkündür. Bu sahədə işlər müasir tələblər nəzərə alınmaqla davam etdiriləcəkdir.

Ali Məclisin Sədri əhaliyə lazımi səviyyədə tibbi xidmətin göstəriləcəyinə əminliyini bildirib, kollektivə uğurlar arzulayıb və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, xəstəxanada yenidənqurma işləri aparılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib, təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib. Göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə yeni ultrasəslə müayinə cihazı, spirometr, portativ süni tənəffüs aparatı, transport küvez, oftalmoloji proyektor və digər tibbi avadanlıqlar quraşdırılıb. Sürətli internetlə təmin olunan mərkəzi xəstəxanada, kənd sahə xəstəxanalarında və ambulatoriyalarda 50 kompüter qurulub, mərkəzi serverə qoşulmuş “Medisoft” Səhiyyə informasiya idarəetmə sistemi yaradılıb. Hazırda xəstələrin qeydiyyatı Səhiyyə informasiya idarəetmə sistemi vasitəsilə aparılır. Xəstəxanada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də qeydiyyat məntəqəsi fəaliyyət göstərir.

Babək rayonunda icbari tibbi sığortanın
tətbiqi ilə bağlı müşavirə keçirilib

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin. Babək Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzərlərinə düşən vəzifələrin icrasını diqqətdə saxlamalı, maarifləndirmə işlərinə üstünlük verilməli, yerlərdə icbari tibbi sığortanın əhəmiyyəti əhaliyə ətraflı izah olunmalıdır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər barədə məlumat veriblər.

Ali Məclisin Sədri 2020-ci il yanvarın 1-dən etibarən Naxçıvan şəhərində və Culfa rayonunda da icbari tibbi sığortanın tətbiqi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov və rayon mərkəzi xəstəxanasının baş həkimi Asiman Yusifov yaradılan şəraitə görə rayon əhalisi və tibb işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.