REGİONLAR
Bacarığı ilə cavanlara meydan oxuyan 91 yaşlı dülgər REPORTAJ VİDEO




Qazax, 8 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Sənətinin aşiqi olan insanlar var ki, onlar hətta ahıl yaşda belə, işlərindən yorulmurlar. Belə şəxslərdən biri Qazaxın Hüseynbəyli kəndində yaşayan 91 yaşlı Əhəd Mirzəyevdir. O, 66 ildir ki, dülgərlik sənətini sevə-sevə yaşadır.
AZƏRTAC xəbər verir ki, Əhəd Mirzəyev bölgənin, bəlkə də ölkənin ən yaşlı dülgəridir. Usta hər gün səhər erkəndən emalatxanasına gələrək taxtadan qapı, pəncərə, stol-stul, müxtəlif məişət əşyaları düzəldir. Bu yaşda təhlükəli avadanlığı işə salıb ağır taxtalara bir-bir forma vermək, ölçü ilə kəsib əşyalar düzəltmək hər insanın işi deyil.
İşini sevən ustanın dincəlməklə arası yoxdur. Deyir ki, iş görməyəndə özünü narahat hiss edir. O, bir gün belə işsiz qala bilmir. Bunun sirrini isə gördüyü işə uzun illərdir ürəkdən bağlı olması ilə izah edir. “Ustam Sarı Hüseyn olub. Bu sənətin sirrini ondan öyrənmişəm. 1955-ci ildən bu sənətlə məşğulam. Yaşımın çox olmasına baxmayaraq, hələ də işləyirəm”, – deyə usta bildirir.
Əhəd usta nəinki öz kəndindən, hətta kənar kəndlərdən gələn sifarişləri də qəbul edib layiqincə öhdəsindən gəlir. Ailə üzvləri də onun işə bağlılığına hörmətlə yanaşır, ona dəstək olurlar. Kömək edənlər isə nəvələridir. Oğlu Rafiq Mirzəyev deyir ki, atası işləməyəndə özünü narahat hiss edir: “Atamın mənə böyük köməyi olub. Mən də bu sənəti ondan öyrənmişəm. Sabah saat 6-da durur, axşam qaranlıq düşənə kimi işləyir. Həqiqətən də bu sənətin vurğunudur. Bu yaşda belə həvəslə işləməyi hər insan bacarmaz”.
Gördüyü işlə diqqətlə yanaşan dülgər elektrikli kəsici avadanlıqların təhlükəli olmasını nəzərə alaraq, ehtiyatla davranır. Avadanlığa öyrəşən usta əsasən şam ağacı ilə işləyir.
Ə.Mirzəyev, həmçinin Qazax rayonunda kərənti saplayan yeganə usta kimi də tanınır. Bu qabiliyyətinə görə ona rayonun bütün kəndlərindən, hətta qonşu Ağstafa rayonundan da müraciətlər olur.