ELM VƏ TƏHSİL


“Bacarıqlı ol! – Milli irsimizi yaşat!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də “WorldSkills Azerbaijan” platformasının milli xalçaçılıq irsimizin qorunması və xalçaçılıq sənətinə marağın artırılması məqsədilə peşə məktəblərinin tələbələri və məzunları arasında təşkil etdiyi “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” xalçaçılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Röyal Yolçuzadə “Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” kateqoriyaları üzrə keçirilən müsabiqədə xalçaçılıq ixtisasının tədris olunduğu 16 peşə məktəbinin müəllimləri, tələbə və məzunlarının iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, müsabiqə çərçivəsində hazırlanan xalçaların qiymətləndirilməsi hər kateqoriya üzrə eskizlərə uyğun olaraq təcrübəli münsiflər tərəfindən aparılıb. Münsiflər heyəti əl işlərini toxuma texnologiyası, istifadə olunmuş sapların keyfiyyəti, ilmələrin sıxlığı, naxışların aydınlığı, rəng çalarlarının ahəngi və səliqəliliyi kimi meyarlar əsasında dəyərləndiriblər. Münsiflər heyəti xalçaçı rəssam və memar Bəhmən Hacıyev, xalçaçı rəssam Adil Məmmədov və “ASAN ABAD”ın rəssamı Kəmalə Aslanovadan ibarət olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən belə müsabiqələrin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova diqqətə çatdırıb ki, xalçalarda tarix gizlənir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov qeyd edib ki, xalçaçılıq emalatxanalarının peşəkar mütəxəssislərlə təmin olunması istiqamətində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıq xalçaçılıq ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə işlə təmin edilməsinə dəstək olacaq.

Sonda qaliblər və onların müəllimlərinə medallar, sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Bütün kateqoriyalar üzrə ümumilikdə ən yüksək nəticə göstərən 13 nömrəli Bakı Peşə Məktəbi yarışın qalib müəssisəsi seçilib.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.