ELM VƏ TƏHSİL


“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı “Di Vine Consulting” MMC ilə əməkdaşlığa başlayır

Bakı, 4 may, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə həyata keçirilən “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində “Di Vine Consulting” MMC ilə əməkdaşlığa dair müqavilə imzalanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində üzüm və şərab ustası ixtisası üzrə təhsil alan 14 tələbə “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) müəssisəsində təşkil edilmiş istehsalat təcrübəsində “Di Vine Consulting” MMC-nin yerli və xarici mütəxəssislərinin nəzarəti və rəhbərliyi altında təcrübə keçəcək. Tələbənin “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən təlim proqramı praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin edir.

Əldə olunan razılaşmaya əsasən mərkəzin tələbələrinin təcrübə keçmələri üçün müəssisə tərəfindən 2 hektar təcrübə sahəsi ayrılıb. Təlim çərçivəsində ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən İsmayıllıda yerləşən təcrübə sahəsinə baxış həyata keçirilib və tələbələr ilə görüş təşkil olunub. Hazırda karantin qaydalarına tam əməl olunmaqla mərkəzin tələbələri təcrübələrini davam etdirirlər.

Qeyd edək ki, tələbələr “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı tərəfindən gündəlik qida, nəqliyyat ilə təmin olunur və təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alırlar. Təcrübə proqramı iyun ayının sonuna qədər davam edəcək. Proqramın sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, üzüm və şərab ustası ixtisası İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 2018-ci ildən tədris olunur və “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” layihəsi çərçivəsində duala bənzər PTT yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.