CƏMİYYƏT
Bacısını su kanalına ataraq öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın avqustun 31-də gecə saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Şabran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.