İQTİSADİYYAT


“Badam Bağları” yaşayış massivinin yolları yenidən qurulur VİDEO

Bakı, 7 fevral, AZƏRTAC

“Badam Bağları” yaşayış massivinin yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 kilometrədək daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq. Bu çərçivədə rayonda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel iki qəsəbədaxili küçənin əsaslı şəkildə bərpasına başlanılıb. Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Layihəyə görə, yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Yolboyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir. Hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.