CƏMİYYƏT
Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə görülən işlər davam edir VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi tərəfindən paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmənin qarşısını almaq üçün görülən işlər məlum olub.
AZƏRTAC xəbər verir ki, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə davam etdiyini qeyd edib. O deyib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabrından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr, dərinliyi 30 metr olan üç ədəd quyu qazılıb və başa çatdırılıb.
Məlumata görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib. Layihəyə görə bütün quyuların aşağı hissəsində iki səviyyədən ibarət olmaqla ümumilikdə uzunluqları 50 metr və diametri 40 millimetr olan 63 ədəd üfüqi drenaj boruları quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan birinci quyunun dib səviyyəsindən sahədən axımı ilə kənarlaşdırılır. Hazırda birinci və ikinci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 millimetr olan 132 metr uzunluqda yeraltı boru inşa edilib.
İkinci mərhələ üzrə yamacın üst hissəsində birinci terras ankerlərlə birlikdə inşa edilərək yekunlaşdırılıb. Növbəti terraslarda drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra proses davam etdiriləcək. Üçüncü mərhələdəki işlərin yalnız birinci və ikinci mərhələdəki işlər yekunlaşdıqdan sonra başlanılması planlaşdırılıb.
Eyni zamanda, sürüşmənin səbəbləri də açıqlanıb. Qeyd olunub ki, sürüşməyə səbəb orta hissədə ikinci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub. Drenaj quyularının hazır olmasına baxmayaraq uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb. Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində, ikinci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.