CƏMİYYƏT


Badamdar şosesində baş verən sürüşmə ilə bağlı brifinq keçirilib VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Hazırda sürüşmə baş verən ərazi 20-ci sahə ilə Badamdar istiqamətinə gedən yolun sol hissəsindədir. Ərazidə aktivlik oktyabr ayının birindən başlayıb. Həmin gündən nazirlikdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat səkkiz radələrində aktivlik gərgin vəziyyətə gəlib və sürüşmə baş verib. Sürüşmənin eni 300 metrdən artıq ərazidə üstündə istinad divarları ilə birlikdə yamacboyu asfalta doğru irəliləyib və yolda asfaltın bir hissəsi torpaq altında qalıb.

Ərazinin təsir dairəsinə təxminən 11 yaşayış evi və iki iaşə obyekti aiddir. Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Kanalizasiya sisteminin işi tamamilə dayandırılıb, su, qaz, işığın verilməsinin yarada biləcəyi zərər barəsində müvafiq orqanlara bildirilib.

Hazırda aktivlik davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Badamdar şosesində baş verən sürüşmə zonası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə sürüşmə ilə bağlı xəritə hazırlanıb: “Sürüşmənin təsir dairəsi nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Aidiyyəti qurumlar hadisə ilə bağlı tam məlumatlandırılıb. Hazırda ərazidə gərginlik var. Bu ərazidə 2012-ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cü ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün də proses davam edir.

Mütəmadi olaraq hər gün müşahidələr aparılır”.

Əziz Qaralovun sözlərinə görə, hazırkı sürüşmə bu gün baş verən proses deyil: “Bu ərazinin konturları bizim tərəfimizdən tərtib olunub. Abşeron yarımadasında sürüşməyə meyilli ərazilərin atlası var ki, orada bu konturlar qeyd edilib. Bu gün baş verən proses adıgedən konturların daxilindədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.