REGİONLAR
Badamlı kəndində yeni mərasim evi istifadəyə verilib
Naxçıvan, 30 aprel, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunun Badamlı kəndində 250 yerlik yeni mərasim evi istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov, rayon dini icmasının sədri Mirməhəmməd Seyidov və Badamlı kənd sakini, ziyalı Kamil Xudaverdiyev son illər muxtar respublikada formalaşan nümunəvi ənənələrdən birinin də kəndlərdə mərasim evlərinin tikintisi olduğunu qeyd ediblər. Bildirilib ki, bu istiqamətdə Şahbuz rayonunda da mühüm tədbirlər həyata keçirilir. Hazırda rayonun bir neçə kəndində mərasim evlərinin inşası davam etdirilir. Badamlı kəndində yeni mərasim evinin istifadəyə verilməsi sakinlərin dini mərasimləri rahat şəkildə keçirmələrinə şərait yaradacaq və əlavə xərclərin qarşısını alacaq.
Mərasim evi qadınlar və kişilər üçün olmaqla, 2 zaldan, mətbəx və anbardan ibarətdir. Mətbəxdə lazımi şərait yaradılıb, binanın həyəti abadlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl rayonun Aşağı Qışlaq və Mahmudoba, Sələsüz, Kolanı kəndlərində də yeni mərasim evləri istifadəyə verilib. Hazırda isə Külüs, Keçili, Kükü və Türkeş kəndlərində mərasim evlərinin tikintisi davam etdirilir.