CƏMİYYƏT
Bağ evindən üç min manat dəyərində kombi aparatları oğurlayan şəxslər tutulublar VİDEO
Bakı, 23 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Mahir İsmayılov, Samir Həsənzadə, eləcə də Asim Hüseynov və Samir Yusifov tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən iki ədəd ümumi dəyəri 3 min manat olan kombi aparatları, həmçinin digər məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edək ki, oğurlanan kombi aparatları S.Həsənzadənin yaşadığı evdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər bənzər cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.