CƏMİYYƏT


“Bağ məhsullarına yığımdan sonra tətbiq olunan texnologiyalar” və “Çiyələk” adlı kitabların təqdimatı keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda qabaqcıl aqrotexniki qaydalar və yığımdan sonrakı texnologiyalarla bağlı bilikləri artırmaq məqsədilə nəşr olunmuş “Bağ məhsullarına yığımdan sonra tətbiq olunan texnologiyalar” və "Çiyələk” adlı iki yeni kitabı ictimaiyyətə təqdim edib. USAID-in Özəl Sektorun İnkişafı (PSA) layihəsi çərçivəsində çap edilmiş bu kitablar Azərbaycanın qeyri-neft iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatı sektorunun inkişafını sürətləndirmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı aqrar universitetlərindən və elmi-tədqiqat mərkəzlərindən biri olan Kaliforniya Universitetinin (UC Davis) nəşr etdirdiyi "Bağ məhsullarına yığımdan sonra tətbiq olunan texnologiyalar” kitabı 35 il ərzində vaxtaşırı olaraq yenilənib və hazırda nəinki ABŞ-da, hətta dünyanın bir çox ölkələrində peşəkar mütəxəssislər tərəfindən əvəzsiz məlumat mənbəyi olaraq istifadə edilir.

USAID kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması üçün Kaliforniya Universitetindən (UC Davis) icazə alıb. Kitabda yığımdan sonrakı bioloji və fizioloji xüsusiyyətlər, soyuq mühitdə saxlama metodları və sistemləri, məhsulun ömrünün qablaşdırma yolu ilə uzadılması, tullantıların azaldılması, eləcə də bütöv və doğranmış təzə meyvələrin dad və qida keyfiyyətinin qorunub saxlanılması yolları haqqında vacib məlumatlar öz əksini tapıb.

USAID, həmçinin yerli aqronom Ədalət Nəhmətovun yazdığı "Çiyələk” adlı kitabın nəşrinə də kömək göstərib. Tədbir zamanı aqronom kitabın məzmunu barədə məlumat verib və yüksəkkeyfiyyətli məhsulların istehsalında qabaqcıl aqrotexniki qaydaların nə dərəcədə mühüm rol oynadığını bildirib.

“Yığımdan sonrakı idarəetmə, soyutma, saxlama, emal və daşınma qaydaları məhsulların ixracına təkan verən fundamental elementlərdir. Ona görə də USAID hesab edir ki, belə texnologiyaların tətbiqinə yol açan qabaqcıl aqrotexniki qaydalardan istifadə imkanlarının yaradılması gəlirliliyi və səmərəliliyi artırmaqda aqrara sahibkarlara, o cümlədən istehsalçılara və emalçılara kömək edəcək”, - deyə USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx bildirib.

Qeyd edək ki, təqdimat mərasimində Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Lənkəran Dövlət Universitetinin, Lənkəran və Cəlilabad peşə liseylərinin, kənd təsərrüfatı assosiasiyalarının nümayəndələri, eləcə də kiçik və orta aqrar sahibkarlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.