REGİONLAR


Bağbanlar hansı calaq üsullarına üstünlük verirlər - Lənkərandan REPORTAJ VİDEO

Lənkəran, 7 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Barı az olan ağacın bol məhsul verməsi üçün ona calaq vurmaq lazımdır, lakin bu proses elə də asan deyil. Ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var. Meyvə ağaclarına calaq vurmaqla yaxşı məhsuldarlıq əldə etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, respublikamızda ağacların calanmasının 10-dan çox üsulu var. Bağbanlar əsasən göz, yarma və qabıqaltı kimi calaq üsullarından istifadə edirlər. Çünki bu üsullarla calaqların tutma faizi yüksəkdir. Calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur.

Lənkəranın Hirkan qəsəbəsində yaşayan Arif Kərimov 40 ildir bağçılıqla məşğuldur və əkdiyi meyvə ağaclarından, xüsusən də sitrus ağaclarından yaxşı bar götürür. O, buna ağacları bir-birinə calaq etməklə nail olur. Bu işi atasından öyrənən aqronom bir çoxlarından fərqli olaraq, təkcə cır limondan istifadə etmir. Arif Kərimov panderoza (“özbək limonu”) kimi iri meyvələri olan müxtəlif sitrus ağaclarını da calaq edir.

İl ərzində 2000-ə yaxın calaq vuran bağbanlar göz, yarma, keçirtmə, qabıqaltı kimi calaq üsullarına üstünlük verirlər. Arif Kərimov deyir ki, ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var: “Əsasən avqustun sonuncu həftəsi, sentyabr ayında calaq etmək daha yaxşıdır. Çünki həm yağışlar yağır, həm sərinlik, həm də calaqda sululuq olur. Əsasən limon, kinkan, naringi, qreyfrut, pompelo (Çin qreyfurtu) ilə calaq edirik. Göz calağına üstünlük veririk. Çünki göz calağını bütün fəsillərdə etmək olur”.

Bağban Faiq Ağayev: “15 ilə yaxındır pay torpağımda təsərrüfatla məşğulam. Saldığım bağda əsasən sitrus və dekorativ ağaclar var. Bu gün nəyə tələbat varsa, onu calaq etməyə üstünlük verirəm. Bir çox meyvə ağaclarını calaq etmişəm. Bakıdan və qərb bölgəsindən çoxlu müştərilərimiz olur. İnsanlar son illər yeni sitrus meyvələrinə böyük maraq göstərirlər. Məsələn, hallobonq meyvəsinin iki növünü yetişdirirəm. Ağac sayını isə bu il xeyli artırmışam”.

Onun sözlərinə görə, calanan ağac 3 gün əvvəl sulanmalı, mineral gübrələrlə qidalandırılmalıdır. Bütün bunlar ağacın calanmasına hazırlıq məqsədi daşıyır və calaq, əsasən, meyvə ağaclarına vurulur. Əgər bitkiyə qabıqaltı qələm calağı edilirsə, qabıq oduncaqdan asanlıqla aralanmalıdır. Əks halda, calaq tutmaya bilər.

Qeyd edək ki, calanan ağac adətən mart ayında əkilir və 10 gündən sonra sulanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.