SİYASƏT
Bağdad Amreyev: Türk Şurası Azərbaycanın işğaldan azad olunan ərazilərdəki quruculuq və bərpa işlərini yaxından izləyir
İstanbul, 26 iyul, AZƏRTAC
Türk Şurası işğaldan azad olunan ərazilərdəki quruculuq və bərpa işlərini yaxından izləyir. Şura yaxın zamanlarda Bakıda geniş tərkibdə beynəlxalq səviyyəli biznes forum təşkil etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev təşkilatın ofisində Türkiyədə rəsmi səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə söyləyib.
Görüşdə, həmçinin Türk Şurası ilə Macarıstan arasındakı əlaqələrin inkişaf dinamikasına dair yol xəritəsi müzakirə olunub.
Sonra Peter Siyarto və Baş katib birgə mətbuat konfransı keçiriblər.
Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü sonadək müdafiə etdiyini diqqətə çatdıran nazir Peter Siyarto bildirib ki, onun hökuməti yerli şirkətlərə Azərbaycanın işğaldan azad olunan ərazilərindəki bərpa-quruculuq işlərində iştirak üçün sərfəli şərtlərlə kreditlər ayırıb. Azərbaycan ilə Macarıstan arasında bu barədə razılaşma da var.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul