MƏDƏNİYYƏT


“Bağdadda bir gün”- Musiqili Teatrda mövsümün ilk premyerası belə adlanır

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – “Bağdadda bir gün” ikihissəli musiqili komediyası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı “böyüklər üçün nağıl” da adlandırmaq olar. Çünki insanlar “zaman və məkan” anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik arzusundadırlar. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların bir çox maneələrə baxmayaraq, pak məhəbbət axtarışı xoşbəxt sonluqla nəticələnir, şəhvət hissi ilə ülvi sevgini bir-birindən ayırmayanlar isə öz cəzasına çatırlar.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Anton Ferştdant , Svetlana Bulax , aktyorlar Emil Heydərov, Yuliya Heydərova, Pərviz Məmmədov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Nadejda Povelitsina və Telnaz Hüseynova çıxış edəcək.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.