SİYASƏT
Bağdadi İmam: Bu gün Azərbaycan dünyanın nəzərində tamamilə yenilənib
Qahirə, 19 oktyabr, AZƏRTAC
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun bütün istiqamətlərində ciddi uğurlar qazanıb və müasir, mütərəqqi ölkəyə çevrilib. Azərbaycan tamamilə yenilənib!
Misir Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş direktoru, tanınmış ictimai xadim doktor Bağdadi İmam bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
İdarənin baş direktoru qeyd edib ki, son illərdə dünya Azərbaycanın timsalında tamamilə yeni ölkə görür. Bağdadi İmam deyib: “Bu müddətdə Azərbaycan tamamilə dəyişib və dinamik inkişaf edən müasir, mütərəqqi dövlətə çevrilib. Yeni Azərbaycanın təşəkkülü, əlbəttə, ölkə rəhbərliyinin xidməti, onun uğurla həyata keçirdiyi, tərəqqiyə və firavanlığa yönəlmiş siyasətinin nəticəsidir.
Bağdadi İmamın sözlərinə görə, bu 15 il ərzində Azərbaycanda bütün sahələrdə həyata keçirilən səmərəli islahatlar nəticəsində ölkədə güclü iqtisadi artım müşahidə olunur, əlverişli investisiya şəraiti yaradılıb, valyuta ehtiyatları qat-qat artıb, işsizlik səviyyəsi regionda ən aşağı həddə - 5 faizə endirilib. İmam deyib: “Azərbaycan bir sıra göstəricilər üzrə regional liderdir. Bununla bərabər, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan genişmiqyaslı transmilli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir”.
Misirli məmur bir fakta da diqqəti cəlb edib ki, son illərdə Azərbaycan turizmin inkişafı sahəsində ciddi addımlar atıb, xüsusən Körfəz ölkələrindən Azərbaycana turist axını qat-qat artıb. Bağdadi İmam deyib: “Azərbaycanda mədəniyyətin, incəsənətin, musiqinin inkişafına böyük əhəmiyyət verilir. Bununla bərabər, idman sahəsində böyük uğurlar qazanılıb, Bakıda çoxsaylı beynəlxalq idman yarışları, o cümlədən Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçirilib. Təhsilin inkişafı və təhsil müəssisələrinin sayının artırılması üçün də qətiyyətli addımlar atılıb. Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr siyahısına daxil olub və öz peyklərini orbitə çıxarıb”.
Bağdadi İmam ölkəmizin siyasi səviyyədə uğurlarını da xatırladaraq qeyd edib ki, bu gün beynəlxalq aləmdə layiqli yer tutan Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür. Əksər dövlətlərin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq qurumların üzvüdür. O vurğulayıb: “Şübhəsiz bunlar Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir”.
Bağdadi İmam bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında istər region ölkələri, istərsə də Avropa dövlətləri, ABŞ və digər ölkələr üçün tamhüquqlu və etibarlı tərəfdaşdır, bir sıra dövlətlər Azərbaycanın siyasətini yüksək qiymətləndirir və onunla əməkdaşlığa böyük əhəmiyyət verirlər.
Misirli məmur ərəb və müsəlman ölkələri ilə bizim dövlətimizin qarşılıqlı münasibətləri mövzusuna toxunaraq deyib ki, Azərbaycan həmin ölkələrlə çox səmimi və möhkəm əlaqələr qurub, onlarla fəal əməkdaşlıq edir, həmçinin İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. O xatırladıb ki, 2009-cu ildə Bakı İslam Mədəniyyəti Paytaxtı seçilmişdi.
Bağdadi İmam xüsusi vurğulayıb ki, dünyanın bütün ölkələri ilə dostluq münasibətləri yaradan Azərbaycan planetimizdə baş verən hadisələri diqqətlə izləyir, bir sıra aktual məsələlərin həllində fəal iştirak edir. Bu gün Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib, burada mütəmadi olaraq keçirilən qlobal miqyaslı tədbirlər çərçivəsində Azərbaycan müxtəlif məsələlərin həllinə, böhranların nizamlanmasına dair tövsiyələrini təklif edir.
Bağdadi İmam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna toxunaraq vurğulayıb ki, Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır və bütün beynəlxalq məkanlarda daim bu məsələni qaldırır, onun beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə nail olmaq üçün səylərini davam etdirir.
Bağdadi İmam sonda deyib: “Bunlarla bərabər, Azərbaycan ordusunun möhkəmləndirilməsi və silahlandırılması üçün çox iş görülür. Bu gün Azərbaycan ordusu güclü, yüksək müdafiə qabiliyyətli, yaxşı təchiz olunmuş ordudur, onun döyüş hazırlığı səviyyəsi artırılıb”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə