MƏDƏNİYYƏT
Bağdadi İmam: İslam aləminin elm və mədəniyyət sahələrində Azərbaycanın mövqeyi ildən-ilə möhkəmlənir
Qahirə, 17 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri ilə daha sıx inteqrasiya siyasəti öz bəhrələrini verir. Biz İslam aləminin elm və mədəniyyət sahələrində Azərbaycanın mövqeyinin ildən-ilə möhkəmlənməsini müşahidə edirik.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirin Ali Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş direktoru Bağdadi İmam söyləyib. O əlavə edib ki, hələ Bakıda Misir səfirliyinin mədəniyyət müşaviri işlədiyi illərdə Azərbaycan rəhbərliyinin İslam aləminə daha sıx inteqrasiya siyasətini diqqətlə izləyib. “Azərbaycan müsəlman aləmində xüsusi yeri və çəkisi olan ölkədir. Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdi. Bu, dövlət başçısının müsəlman ölkələrinin həmrəyliyinin möhkəmləndirilməsinə və tammiqyaslı əməkdaşlığına töhfə vermək istəyinin təzahürü idi. Həmin il təşkil edilən İslam Həmrəyliyi Oyunları da bu istiqamətdə möhtəşəm addım oldu. Artıq Azərbaycan müsəlman dünyasının ən fəal və mühüm ölkələrindən birinə çevrildi”, -deyə Bağdadi vurğulayıb.
Din, elm və mədəniyyət sahələrində əməkdaşlıqdan bəhs edən Bağdadi xatırladıb ki, hələ 2007-ci ildə Misir Mədəniyyət Mərkəzində “Qurani-Kərimdə elmi möcüzələr” mövzusunda tədbir keçirildi. Həmin tədbirdə mərhum akademik Vasim Məmmədəliyev, Azərbaycanın ilahiyyatçı alimləri də iştirak etdilər. Sonradan azərbaycanlı alimlərin Misirə səfərləri təşkil edildi. 2019-cu ilin fevralında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İƏT və Misir hökumətinin dəvəti ilə Qahirəyə səfəri, onun İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşləri də yaddaqalan oldu. Tarixçi alimlərin, yazıçıların görüşləri də əlaqələrimizin möhkəmlənməsinə yeni töhfə oldu.
Bağdadi İmam daha sonra deyib: “İslam abidələrinə, məscidlərə qayğı və ehtiram Azərbaycanın dövlət siyasətidir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin və müsəlman tarixi abidələrinin tezliklə bərpa ediləcəyi bizi çox sevindirir. Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi çərçivəsində Misirdə keçirilən konfrans da ortaq İslam dəyərlərinə diqqət və qayğının bir təzahürüdür. Bu dahi şair və mütəfəkkir Azərbaycan xalqının İslam dünyasına bəxş etdiyi bir nemətdir. Onun əsərlərinin ərəb ölkələrində daha çox təbliği istiqamətində birgə fəaliyyət həyata keçirilməlidir. Düşünürəm ki, dünyada tolerantlıq və humanizm prinsiplərinin yayılması istiqamətində mühüm işlər görmüş Azərbaycan xalqının bu dəyərli keyfiyyətləri məhz Nizami Gəncəvi kimi əcdadından qaynaqlanır”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə