SİYASƏT
Bahar Muradova: Oktyabrın 3-ü Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlərdən biridir
Bakı, 3 oktyabr, Tərgül Babayeva, AZƏRTAC
Oktyabrın 3-ü tarixi Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlərdən biridir. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasını təmin etmək üçün çox gərgin fəaliyyətə başladı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova oktyabrın 2-də parlamentin insan hüquqları komitəsinin iclasında deyib.
Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illiyi ilə bağlı ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini deyən Bahar Muradova bildirib ki, sentyabrın 21-də 44 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm yubiley tədbiri Prezident İlham Əliyevin iştirakı, buradan Milli Məclisin deputatlarına, qonaqlara, bütün dünyaya çox ciddi mesajlar verməsi ilə yadda qaldı. Prezident İlham Əliyevin parlamentin 100 il ərzində keçdiyi yola, Azərbaycanın bugünkü sürətli dinamik inkişaf prosesində Milli Məclisin roluna verdiyi qiymət hər birimizi ruhlandırır və fəaliyyətimizi daha da genişləndirməyə sövq edir.