CƏMİYYƏT


Bahar Muradova: Uşaqların ictimai həyatda fəallığının artırılması ümdə vəzifələrdəndir

Bakı, 1 iyun, AZƏRTAC

Qarşıya qoyulan hədəf bu günün uğurları ilə gələcəyə doğru addımlamaqdır. Uşaqların ictimai həyatda fəallığının artırılması, onların dövlət siyasətinin həyata keçirilməsinə cəlb edilməsi ümdə vəzifələrdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Komitə sədri diqqətə çatdırıb ki, Uşaq Səfirlər Məclisi məhz bu məqsədlə yaradılıb. Bildirilib ki, Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barədə dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyənləşdirir.

Komitə sədri vurğulayıb ki, uşaqların sağlam böyüməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, zorakılıqlardan qorunması, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

İşğal altındakı torpaqlarımızın azad edilməsindən danışan komitə sədri deyib: “Azərbaycan xalqı və dövləti çox xoşbəxtdir ki, doğma Qarabağımız öz azadlığına qovuşub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad edib.

Biz Vətən müharibəsində canından keçən şəhidlərimizə borcluyuq. Şəhidlərimizin yarım qalan arzularını uşaqlar və gənclər həyata keçirəcəklər”.

Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaqlarla bağlı məsələlərə hər zaman xüsusi diqqət göstərirlər. Son illər uşaqların hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.