SİYASƏT
Bahar Muradova: Xocalı soyqırımının ildönümündə terror qurbanlarının xatirəsini yad etməliyik VİDEO
Vyana, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi” adlı xüsusi debatda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib.
Bahar Muradova çıxışının əvvəlində dünyada və ATƏT məkanındakı məcburi miqrasiya və qaçqın probleminə toxunaraq deyib: “Bu gün dünyadakı vəziyyət sürətlə dəyişir. Regionda demoqrafik dəyişikliklərlə bağlı vəziyyəti aydın qiymətləndirmək, qaçqın, miqrant və məcburi köçkünlərin vəziyyətini yüngülləşdirmək üçün nələr edə bilərik?”
Milli Məclis sədrinin müavini əlavə edib ki, çox vaxt öz evində baş verməyincə problemin mahiyyəti aydın olmur. Törədilmiş bu cinayətlər haqda danışanda vandalizm aktlarının qurbanlarını da xatırlamamaq olmaz. Biz daim həmin cinayətlər nəticəsində həyatlarını bir göz qırpımında itirən müxtəlif dinlərin və millətlərin nümayəndələrini xatırlamalıyıq.
Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu cinayətlərin törədilməsində günahkarlar təkcə əmri verənlər və tətiyi çəkənlər deyil. Günahkarlar həm də dünyanın ayrı-ayrı bölgələrində bu cür münaqişələrdən öz xeyirləri üçün istifadə edən müxtəlif ölkələrin rəhbərləri və siyasətçilər, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, hərbi sənaye dairələridir.
Milli Məclis sədrinin müavini tədbir iştirakçılarını dünyanın müxtəlif şəhər və bölgələrində yaxın keçmişdə törədilmiş terror hadisələrinin qurbanlarını unutmamağa çağıraraq deyib: “Bu gün biz Xocalı soyqırımının ildönümündə terror nəticəsində həlak olan bütün günahsız insanların xatirəsini yad etməliyik. Artıq 24 ildir ki, fevralın 26-sı təqvimimizə qara rəqəmlərlə yazılıb. Mənim ölkəm və mənim xalqım bu günü qeyd edərək, insanlığa qarşı digər aktların qurbanlarının xatirəsini də yad edir. Heç olmasa, bu ağrı bizi birləşdirməlidir ki, gələcək təhdidlərin qarşısını ala bilək və geri dönmək ümidindən başqa hər şeyini itirmiş bütün insanlara kömək edək”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana