Bahar Şuşaya bir başqa növraqda gəlir FOTO VİDEO
AzerTAg.az
Şuşa, 17 aprel, AZƏRTAC
Qarabağımızın tacı, dağlar gözəli Şuşaya bu il bahar bir başqa növraqda gəlir. Təbiətin oyanması ilə şəhərin ətrafındakı meşələr yaşıllaşır, dağ çiçəkləri Cıdır düzünə, Xan qızı bağına, qala divarlarına xüsusi gözəllik verir. Düşmən işğalından azad edilmiş şəhərdə aparılan bərpa-quruculuq işləri, tikinti sahəsində həyata keçirilən layihələr təbiətin oyanışı ilə ahəng təşkil edir, mədəniyyət paytaxtımızı inkişafa doğru aparır.
Şuşada geniş bərpa-quruculuq işləri həyata keçirilir
Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərindən bəhs edərkən deyib: “Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq”.
Şuşaya daxil olduğumuz andan buradakı genişmiqyaslı quruculuq işləri diqqətimizi cəlb edir. Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir. Həmçinin bir sıra yeni binaların tikintisinə başlanılıb. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun şəkildə aparılır.
Artıq Şuşada “Xan qızı” bulağı bərpa olunub. Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri görülüb. Şəhərdə Üzeyir Hacıbəylinin heykəli və Molla Pənah Vaqifin büstü qoyulub, Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Hazırda qala divarlarında, Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır.
Şuşada şəhər meriyasının binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Şəhərdə yaşayış məhəlləsinin, yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Yeni məscidin və beşulduzlu otelin inşa ediləcəyi ərazilərdə işlərə başlanılıb. Keçmiş poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Burada “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.
Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur
Şuşa şəhərində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Qısa vaxtda 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının istifadəyə verilməsini, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişini nəinki Azərbaycan energetikasında, eləcə də bütün regionun energetika tarixində rekord saymaq olar.
“Azərenerji” ASC “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Mircəlal Hüseynov bildirir ki, “Şuşa” yarımstansiyasında iki ədəd 25 mVt gücündə transformator quraşdırılıb. Şuşa şəhəri və ətrafda çalışan tikinti təşkilatları fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Əgər şəhərdə elektrik enerjisinə əlavə tələbat olarsa, daha güclü transformatorlar quraşdırılacaq. Bu avadanlıqlar gələcəkdə dəyişdirilə biləcək gücə uyğun seçilib.
Şuşada 6 elektrik yarımstansiyasının inşası yekunlaşmaq üzrədir
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə - 37 gün ərzində elektrik enerjisi ilə təmin edildi. Bundan sonra şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün plan hazırlandı. Mövcud şəbəkə əvvəlki vaxtlardan qalmış 48 ədəd köhnə transformator məntəqəsindən ibarət idi. Ona görə də 35/04 kVt-luq 9 elektrik yarımstansiyasının inşası planlaşdırıldı. Artıq onlardan 6-da işlər yekunlaşmaq üzrədir. Qarşıdakı aylarda digər 3 yarımstansiyanın da tikintisinə başlanılacaq.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirir ki, Şuşa şəhərinin elektrik şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə idarə olunur. İndiyə qədər olan SCADA sistemləri yalnız yüksəkgərginlikli xətləri nəzarətdə saxlayırdı. Yeni Rəqəmsal İdarəetmə Mərkəzində isə abonentə qədər olan 0,4 kV-lıq xətlər də nəzarətdə saxlanılacaq. Abonentlə nəzarətçi arasında təmas sıfıra endiriləcək. Şəbəkədə hər hansı nasazlıq olduqda dərhal həmin mərkəzdə bilinir. Beləliklə də qabaqlayıcı tədbirlər görülür və qəza baş verməzdən əvvəl qarşısı alınır. Rəqəmsal İdarəetmə Mərkəzi Bakıdakı mərkəzlə əlaqələndirilib. Şuşadakı şəbəkəni birbaşa Bakı şəhərindən də idarə etmək mümkündür.
“Şuşa şəhərində yerüstü elektrik xətləri ləğv ediləcək. Dayaqlar olmayacaq, bütün şəbəkə beton tunellər vasitəsilə və izolyasiyalı kabellərlə abonentin evinə qədər yeraltı olacaq. Qışda açılmaların olmaması, elektrik verilişinin dayanıqlılığı üçün şəbəkə yerin altına keçirilir”, – deyə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri bildirib.
Şuşada daha üç su anbarının inşası planlaşdırılır
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib.
“Azərsu” ASC-nin işğaldan azad edilmiş ərazilərdə qəza-bərpa xidmətinin rəhbəri Oqtay Həziyev deyir: “Şuşaya içməli su iki mənbədən verilir. Ermənilər tərəfindən dağıdılaraq sıradan çıxarılmış həmin xətlər qısa müddətdə bərpa edərək şəhərə içməli suyun verilməsi həyata keçirildi. Hazırda Şuşa 24 saat içməli su ilə təmin olunur, burada 800 və 1000 kubmetrlik anbarlar fəaliyyət göstərir. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün daha üç anbarın inşası planlaşdırılır. Yaxın günlərdə Daşaltı kəndinin yuxarı hissəsində Zarıslı çayı üzərində su anbarının tikintisinə başlanacaq. Bundan başqa, şəhərin bərpası işləri çərçivəsində yeni kanalizasiya sistemlərinin qurulması da nəzərdə tutulub”.
Şuşa şəhərinin istilik təchizatı da diqqətdə mərkəzindədir. “Azəristiliktəchizat” ASC-nin nümayəndəsi Elbrus Məmmədovun sözlərinə görə hazırda Şuşada 7 ədəd müasir tipli yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş qazanxana fəaliyyət göstərir və istehlakçılar istiliklə təmin edilir.
2022-ci ilin “Şuşa İli” elan olunması Şuşanın inkişafına töhfə verəcək
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib - Vaqif poeziya günləri, “Xarıbülbül” musiqi festivalı və Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib. “Şuşa İli” elan edilmiş 2022-ci ildə bu kimi tədbirlərin sayı daha da çox olacaq. Prezident İlham Əliyev birinci rübün yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən deyib: “Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir”.
2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradır, Qarabağın tarixinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli deyir ki, “Şuşa İli” çərçivəsində, həmçinin Şuşanın 270 illiyi, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi, Bülbülün 125 illiyi qeyd ediləcək. Bülbülün ev-muzeyinin həyətində yay konsert salonu inşa olunur. Çox keçməyəcək ki, Şuşanın əvvəlki şöhrəti özünə qaytarılacaq, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşacaq.
Bahar təravətli Şuşa şəhərinin gözəlliklərini, burada həyata keçirilən bərpa-quruculuq işlərini lentə alıb, bu möcüzəli şəhərdən böyük təəssüratlarla ayrılırıq.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri

















































Xəbərin mətnində orfoqrafik səhv var