REGİONLAR
“Bahar gəldi - yaz gəldi” adlı sərgidə naxçıvanlı rəssamların əl işləri nümayiş etdirilir
Naxçıvan, 19 mart, Rauf Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bahar gəldi - yaz gəldi” adlı sərgi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında xalqımızın milli-mənəvi dəyərlərindən bəhs edib. Bildirib ki, milli varlığımızı əks etdirən Novruz təbiətin oyanışını müjdələyən, ümid, bolluq və bərəkət dolu bayramdır. Bu gün sevinirik, qürurluyuq. Çünki insanlarımızı həmrəy edən, milli dəyərlərimizi özündə daşıyan Novruz bayramını Şuşada, Cıdır düzündə və digər işğaldan azad edilən qədim torpaqlarımızda da qeyd edə bilirik.
Sərgidə çıxış edənlər tarixi keçmişimizi, adət-ənənələrimizi yaşadan bahar bayramı ilə bağlı fikirlərini bölüşüblər.
Sonra sərgiyə baxış olub. 30 rəssamın 40-a yaxın əl işinin nümayiş etdirildiyi sərgidə əsl bayram əhvali-ruhiyyəsi hiss edilir. Burada Ülviyyə Həmzəyevanın “Xonça”, Nəsrullah Musayevin “Bayram”, Həbibə Allahverdiyevanın “Nəsillərdən ötürülən izlər”, Sabir Məmmədovun “Dədə Qorqud”, Telman Abdinovun “Xalçaçı qız”, Qəhrəman Tağıyevin “Bayram” və digər rəssamların əl işləri maraqla qarşılanıb.
Sərgi bir həftə davam edəcək.