İQTİSADİYYAT
“Bakcell” 168 ölkədə 417 mobil operatorla rouminq əlaqələri qurub
Bakı, 15 dekabr, AZƏRTAC
“Bakcell” abunəçiləri hazırda dünyanın hər yerində - Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada rouminq xidmətlərindən yararlana bilərlər. Şirkət ümumilikdə 168 ölkədə 417 mobil operatorla rouminq əlaqələri qurub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell” şirkəti rouminq tərəfdaşlarının sayına görə (ölkələr, mobil operatorlar, GPRS, Camel rouminq xidməti və s.) ölkədə birincidir. GSM xidməti ilə yanaşı, “Camel” rouminq xidməti və GPRS (İnternetdən) rouminq üzrə də “Bakcell” ən yüksək göstəricilərə malikdir.
Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib ki, indi “Bakcell” abunəçilərinin dünyanın daha çox nöqtəsində mobil rabitə xidmətlərindən istifadə etməsi üçün imkanlar daha genişdir. “Biz səs və SMS xidmətləri ilə yanaşı, “Camel” və GPRS rouminq xidmətlərinin göstərildiyi ölkələrin və tərəfdaş mobil operatorların sayının artırılması üzərində işləyirik və bu gün bu sahədə öndə olmağımız bizim üçün qürur vericidir. Rouminq tərəfdaşlarımızın şəbəkəsini genişləndirməyə və abunəçilərimizə çox sərfəli tariflərlə hər cür rouminq xidməti göstərməyə davam edəcəyik”, - deyə bildirib.
“Bakcell”in CIN, Klass və Gold abunəçilərinə Azərbaycandan kənarda olarkən səs, SMS və mobil İnternet xidmətlərindən istifadə etmək üçün müvafiq paketlər təklif olunur. Bununla yanaşı, müxtəlif kampaniyalar vasitəsilə rouminq istifadəçilərinə böyük imkanlar yaradılır.
Şirkətin təqdim etdiyi son rouminq kampaniyasının şərtlərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri “Bakcell”in bazarda olan ən yaxşı təklifindən istifadə edərək bir meqabayt İnternet üçün 25 qəpik, daxil olan zənglərin dəqiqəsi üçün 25 qəpik, çıxan zənglərin dəqiqəsi üçün isə 75 qəpik ödəyirlər. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.
Bundan bir qədər öncə isə şirkət rouminq qiymətlərinə 50 faizdən artıq endirim tətbiq edib. Nəticədə ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə endirilib.