İQTİSADİYYAT
Bakcell Azərbaycanda ən sürətli mobil internet xidməti təqdim edir
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ölkədə ən sürətli mobil internet xidmətini təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, Ookla şirkətinin Netindex reytinqinə əsasən, Bakcell şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə). Bu reytinq Azərbaycanda internet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə speedtest.net və ya pingtest.net vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşmışdır.
2011-ci ildə 3G Sür@ xidmətinin istifadəsinə start verildikdən sonra Bakcell şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, Ookla şirkətinin Netindex reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli mobil internet təcrübəsini təmin etməyə başlayıb.
“Hazırda 2000-dən çox abunəçi Bakcell şirkətinin 4G LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. Bakcell şirkətinin təmin etdiyi mobil internet xidmətinin son yüksək nəticələri göstərir ki, şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq”, - deyə Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.
Ookla şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər Ookla şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilib.