İQTİSADİYYAT
“Bakcell” Azərbaycanda sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə adına layiq görülüb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.
“Bakcell” şirkətindən AZƏRTAC-a bildirilib ki, şirkət şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirməkdə davam edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib. 100 faiz səyyar test formasında təşkil olunan bu testlərin 55 faizi paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Qubada, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və digər daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.
Testlərin nəticələrinə əsasən, “Bakcell” Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.
“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən “Bakcell” şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“The best in test”) elan edilməsi bizi çox sevindirir. “Bakcell” öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bizim “3G” və “4G” şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik. Bununla da, “Bakcell” şəbəkəsinin üstünlüyü təmin olunur. Artıq 2-ci ildir ki, “Bakcell” şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, “Bakcell” abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, - deyə şirkətin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, 6500-dən artıq baza stansiyası sayəsində “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.